Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Qala-Türkan yolunun ətrafındakı 7 hektar ərazidə 4500 ədəd badam ağacı əkilib.
“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan prezidenti tərəfindən Sərəncam imzalanıb. Sözügedən Sərəncamın 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədbirlər Planı”na əsasən qurum tərəfindən silsilə tədbirlər keçirilir.
Nazirlikdən əlavə olunub ki, ictimai-siyasi xadim, professor, Azərbaycan SSRİ Elmlər Akademiyasının akademiki Həsən Əliyevin Azərbaycan təbiətinin və ətraf mühitin mühafizəsi sahəsində xidmətləri əvəzsizdir. /apa/