Dünyada və ölkəmizdə baş verən iqtisadi proseslər insanların yaşam tərzinə təsirsiz qalmır.
Məlumata görə, gəlirlərin azaldığı, xərclərinsə artdığı indiki dönəmdə qənaət məsələsi hər bir ailədə aktuallaşıb. Amma "nələrə və necə qənaət edilməlidir ki, gündəlik normal yaşamı təmin etməklə bərabər ailə büdcəsini də qoruyub saxlamaq mümkün olsun" sualı hər kəsi düşündürür.
Bu baxımdan ölkənin iqtisadi, sosial sferasında çalışaraq araşdırmalar aparan ictimai insanların fikirləri önəmlidir. Xəzər Universitetinin professoru, iqtisadçı Fuad Rəsulov ailə büdcəsində qənaət etmək üçün iki istiqamətə yönələn xərclərə diqqət yetirməyi vacib sayır. İqtisadçı bildirir ki, hər bir ailənin sabit və dəyişən xərcləri var. Qənaət etmək istəyimizi əsasən dəyişən xərclərdə reallaşdıra bilərik.
“Ailədə elə xərclər var ki, biz istəsək də ona qənaət edə bilmirik. Buna misal olaraq qida və gigiyenik məhsullar, kommunal xərclər, təhsilə ayrılan ödənişləri qeyd edə bilərəm. Amma dəyişən xərclərdə xeyli qənaət etmək olar. Məsələn, mobil telefonun bahasına qaçmamaqla, hansısa toylara getməmək və ya gedib yüksək məbləğdə pul yazılmamaqla, eləcə də yolüstü xırda-xuruş, lazımsız alış-verişdən çəkinməklə xeyli vəsaitə qənaət etmək olar”, - deyə iqtisadçı vurğulayır.
Fuad Rəsulov digər bir yanaşmaya da diqqət çəkdi. Belə ki, hər ailə üzvü bir xərc subyekti sayılır. Hər üzvün özünəməxsus xərcləri olur ki, daha çox kimə xərc ayrıldığına nəzər yetirib vacib deyilsə, bunu azaltmaq lazımdır.
İqtisadçı ağıllı və sərfəli xərcləməklə ailə büdcəsinə 35-40 faiz xeyir verməyin mümkünlüyünü nəzərə çatdırır.
Sərfəli qənaət üçün ilk növbədə ailə büdcəsinin daha çox nəyə sərf olunduğunu öyrənmək lazımdır. Ən çox xərclənən istiqamətləri müəyyən etmək üçün nəyə və nə qədər pul ayrıldığını araşdırmaq lazımdır.
Kommunal xərclərə baxıb mümkün qədər işıq, su və qaza qənaət etmək olar. Mobil və internetə çəkilən xərcləri də azaltmaq lazımdır.
Sosioloqlar da ailə büdcəsinin qorunmasında kənar və ikinci dərəcəli xərclərin sıfıra endirilməsini məsləhət görür. Sosioloq Rafiq Təmrazov ANS PRESS-ə açıqlamasında bildirib ki, ailə gəlirinin azaldığı bir vaxtda yalnız qənaət prinsiplərinə əməl etməklə maddi durumu stabilləşdirmək olar:
“Hər ailə gəlir-çıxarını müəyyənləşdirməlidir. Əsasən yaşam üçün vacib maddi nemətlərə üstünlük verilməlidir. Büdcəyə qənaət başqa imkanların məhdudlaşdırılmasını tələb edir. Məsələn, restoranlar, istirahət məkanlarına gedişlərdən yayınmaq lazımdır. Düzdür, bu, bəzi ailələr üçün çətin ola bilər. Amma gəlir azaldıqca hər bir ailə qənaət etməyə vacib yanaşır”, - deyə sosioloq əlavə etdi.
Büdcədən daha çox vəsaitin ayrıldığı sahələrdən biri geyimdir ki, bu, hətta bir çoxlarında alış-veriş xəstəliyi yaradıb. Qarderob, parfüm, kosmetika üçün həm kişilər, həm qadınlar xeyli pul xərcləyir. Həm də həmin məhsullara ehtiyac olmadıqda belə, rəngarənglik üçün yeniləri alınır.
Psixoloq Murad İsayev hesab edir ki, iqtisadi çətinlik dövründə bədxərcliyə aludəçi insanlar xüsusən ehtiyatlı olmalıdır.
“Bizdə insanlar bir növ hər şeyin bolluğuna qaçır, hansısa əşyanı, məhsulu lazım olandan artıq alır. Son vaxtlar marketlərdə müxtəlif kampaniyalar, endirimlərlə alıcıları cəlb edirlər. Məsələn, hansısa məhsulun üstündə 5 manatlıq hədiyyə yazmaqla, guya sərfəli satış təklif edirlər. Amma nə lazımdısa onu almaq lazımdır. Eləcə də brend geyimlərə aludəçilik var ki, insanlar belə paltar və ya ayaqqabıları almağa xeyli pul xərcləyir. Bunlardan vaz keçmək lazımdır”, - deyə psixoloq qeyd edir.
Murad İsayev - psixoloq
Böhran zamanı qənaət etməyin yolları ilə bağlı xarici ölkələrdə diqqətdə saxlanılan bəzi məsləhətlərə də nəzər yetirmək olar. Məsələn, Rusiya vətəndaşları büdcəyə qənaət üçün ilk növbədə qida məhsullarının alışına önəm verir.
Belə ki, yalnız lazımi ərzaqların alınması üçün marketə yollanmazdan əvvəl siyahı tutmaq məsləhət görülür. Qeyri-mövsümi tərəvəzlər baha başa gəldiyindən, onları dondurulmuş məhsulla əvəzləmək olar. Ümumiyyətlə isə marketlərə həftədə bir dəfə olmaqla, tez-tez baş çəkməmək lazımdır. Əgər bunlara əməl olunsa, rus iqtisadçıların hesablamasına görə həftədə 500 rubl (11 AZN), ayda isə 2000 rubl (43 AZN) ailə büdcəsinə qənaət etmək olar.
Lazımi ərzaqları siyahıya baxmaqla almaq olar
Ruslar həmçinin nəqliyyat xərcini azaltmaq üçün iş yerinə qədər piyada getməyi, bununla həm də fiziki sağlamlığa üstünlük verirlər. Piyada gəzinti ilə isə ayda 500 rubla (11 AZN) qənaət edilir.
Rusiyalı psixoloqlar isə, mağazalardakı əşyalara, geyimlərə əllə toxunmamağı tövsiyə edir. Onların fikrincə, alıcı əllə geyimə nə qədər çox toxunursa, o qədər onu almağa həvəslənir. Pula qənaət etmək üçün xərclənəcək məbləği kağıza yazmaq məsləhət görülür. Mağazaya pis əhval-ruhiyyədə getməyi rus psixoloqlar məsləhət bilmir. Çünki nəyəsə görə qanı qara olan adam daha çox pul xərcləməyə meylli olur.
Ümumiyyətlə, cəmiyyətdəki proseslər, iqtisadi vəziyyətlə əlaqədar bütün riskləri nəzərə alıb hətta böhran olmadığı vaxtda belə insanlar öz xərclərinə diqqət yetirməlidir. Çünki israfçılıq nə kasıba, nə də varlıya yaraşır. Dünyanın düz vaxtında belə milyonlarını israf edib müflisləşən milyonçuları, eləcə də az gəliri ilə özünü milyonçu qədər xoşbəxt sayan kasıbları yada salmaq kifayətdir. Odur ki, iqtisadi vəziyyətin çətinliyindən qorxub psixoloji olaraq özümüzü yükləməkdənsə, lazımsız xərclərimizi azaldıb gəlirimizin qədrini bilməyi öyrənməliyik. /anspress/