Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret addım olacağına ümid edir.
Məlumata görə, bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
"Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər. Əlbəttə, biz bu prosesi alqışlayırıq və ümid edirik ki, prezidentlərin növbəti görüşü - əgər iyun ayında keçirilsə - münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq", - Mard bildirib
Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.
Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.
Azərbaycan Prezidenti İlham əliyev və xarici işlər naziri Elmar Məmmədyarov Vyana danışıqlarında
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü mayın 16-da Avstriyanın paytaxtı Vyanada olub.
Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.
Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər./anspress/