Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Xaçmaz-Quba yolunun 15-ci kilometrliyində Qubanın Bağbanlı kənd sakini Zaur Mərdanov idarə etdiyi “Mercedes” markalı avtomobillə Xaçmaz istiqamətində hərəkətdə olarkən qəfildən avtomobil yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər 1985-ci il təvəllüdlü Rövşən Babayev və 1987-ci il təvəllüdlü Yusif Yusifov aldıqları xəsarətlərin ağırlığından yerindəcə keçiniblər. Avtomobil sürücüsü yaralılar isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Ağayar Quliyev açıqlamasında bildirib ki, gətirilənlərdən 2 nəfər xəstəxanaya çatanda keçinmişdilər. Onlar meyidxanaya göndərilib. Digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hazırda avtomobilin sürücüsü Zaur Mərdanov reanimasiya, sərnişin Coşqun Şabanov isə travmatologiya şöbələrində müalicə olunurlar. Sürücü hələ də komadan ayılmayıb. Xaçmaz polis şöbəsinin müstəntiqi Namiq Mirzəzadənin məlumatına görə, qəzaya yüksək sürət səbəb olub. İlkin müayinə zamanı sürücü Zaur Mərdanovun avtomobili sərxoş halda idarə etməsi də məlum olub, araşdırmalar davam edir./anspress/