Uzun müddət ana südü əmənlərin İQ səviyyəsi və gələcəkdə gəlirləri yüksək olur
Rusiya mətbuatına istinadən verilən məlumata görə, Braziliyanın Pelotas Federal Universitetinin əməkdaşı doaktor Lessa Orta bu şəhərdə 1982-ci ildə doğulmuş 6000 uşağı müşahidə edib. Müşahidə zamanı ana südü əmmənin müddəti də qeydə alınıb. 30 yaşına çatanda onlardan 3493-nün İQ-sü (böyüklər üçün Veksler şkalası ilə) ölçülüb.
Tədqiqatçılar həmin adamları ana südü ilə qidalanma müddətinə görə qruplara bölüblər, həmçinin onların İQ dərəcəsinə təsir edə biləcək sosial və bioloji məlumatları da nəzərə alıblar. Məsələn, uşaq doğularkən ailənin gəlirləri, valideynlərin təhsil səviyyəsi, ananın siqaret çəkib-çəkməməsi və s.
Məlum olub ki, uzun müddət ana südü əmən uşaqlar böyüyərkən daha yüksək İQ səviyyəsinə malik olublar, onların təhsil alma sürəyi, eyni zamanda əməkhaqqı da artıb. 12 aydan çox ana südü əmənlərdə bu göstərici daha yüksək olub. Məsələn, 1 il sürəkli ana südü əmən uşaq 1 il daha çox təhsil alıb, 30 yaşına çatanda isə əməkhaqqı orta statistik əməkhaqqıdan təxminən 1/3 qədər çox olub.
Lessa Orta güman edir ki, bu, ana südündə uzunzəncirli doymuş yağ turşularının olmasıyla əlaqədardır. Həmin turşular beynin inkişafı üçün çox vacibdir.
Odur ki, analar, südünüzü uşağınızdan əsirgəməyin! /milli.az/