Ağdamın işğalından 22 il ötür
23.07.2015 556 0.0 0

 

Bu gün Ağdam rayonunun işğalından 22 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.

 


Qoşa minarəli tarixi Ağdam məscidi

 

23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Minlərlə sayı olan erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1 736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.

Ağdam rayonun ümumi ehtiyatları 64 863 min m3 olan mişar daşı, 140 464 min ton Çobandağ əhəngdaşı, 44 708 min ton Boyəhmədli və 25 197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.

Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kv.kilometrdir.

 

Qafqazın Xirosiması adlanan Ağdam şəhərinin xarabalıqları

 

 

Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkar edib.

 


İşğal altında olan Ağdam şəhəri

 

İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.

Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

 


Ağdamın məşhur çay evi

 

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə Ağdamın işğalının 15-ci ildönümüdə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”./anspress/


Ağdam şəhərinin tarixi fotosu


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar