AFFA prezidenti Qurban Qurbanovla müqavilənin şərtlərini açıqlayıb
03.11.2017 981 0.0 0

“İclas başa çatdı. Qurban Qurbanov yekdil qərarla milli komandanın baş məşqçisi təyin olundu”. Apasport.az saytı xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

 

İclasdan sonra brifinq keçirən Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb. O, Qurbanovun “Qarabağ”da və İcraiyyə Komitəsində qalacağını açıqlayıb: “Qurban Qurbanov “Qarabağ”da qalır, işini davam etdirəcək. Bilirsiz ki, millinin bazası “Qarabağ” olacaq. Yığmanın əsas oyunçuları da bu komandadadı. Buna görə də orda qalıb, baş məşqçiliyini davam etdirəcək və Premyer Liqanın da bütün klubları ilə sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox müzakirələr apardıq və İcraiyyə Komitəsində yekdilliklə qərar qəbul edildi ki, o, “Qarabağ”da qalsın”.

 

AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərinə də aydınlıq gətirib: “Biz bunu artıq proqram şəklində həyata keçirəcəyik. Ölkə xaricində məşqçi gətirəndə tsikl-tsikl müqavilə bağlayırdıq. Bu gün mən sizə açıq deyim ki, bu tsiklimiz ən azı 6 illik olacaq. Avro-2020, DÇ-2022 və Avro-2024-ü əhatə edəcək. Bu, böyük bir hazırlıq prosessidi. Düşünürük ki, sistem qurulmalıdı. Qurban Qurbanovun qarşısında məsələ qoymuşuq ki, Premyer Liqanın bütün oyunçularının hazırlığı AFFA tərəfindən vahid sistemlə aparılsın. Yəqin ki, yaxşı nəticələr olacaq”.

 

Abdullayev millidə köməkçi məşqçilərin hələ müəyyənləşmədiyini deyib. Qurum rəhbəri bildirib ki, baş məşqçi yeni təyin olunub və o, fikirləşdik sonra bu barədə məlumat veriləcək. 

 

AFFA rəhbəri Qurban Qurbanovla bir-birlərinin qarşısına qoyduqları öhdəliklərdən də danışıb. AFFA prezidentinin sözlərinə görə, əsas şərt vətənə qulluq etməkdi və Qurban da vətənpərvərdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar