Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən şəxslər ittihama münasibət bildiriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Məhkəmədə zərərçəkmiş şəxs qismində “McDonalds”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev ifadə verib.
O bildirib ki, hadisə baş verəndə Nyu-Yorkda olub: “Bizə zəng etdilər, Bakıya qayıtdıq. Məlum olub ki, İlham oğluma zəng edib, paintball oynamağa getməyi təklif edib. Yolda sürücü İlhamla yerini dəyişib, daha sonra hadisə baş verib. Qəzadan sonra oğlumu Sabunçu xəstəxanasına aparıblar, orada dünyasını dəyişib”.
M. Mirzəyev məhkəmədən işə düzgün baxmağı və ədalətli hökm çıxarmağı xahiş edib.
Daha sonra prosesdə İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev ifadə verib.
Sürücü bildirib ki, özünü pis hiss etdiyi üçün İlham Əsgərlidən maşını idarə etməyi xahiş edib, nəticədə hadisə baş verib.
Qeyd edək ki, ötən il sentyabrın 29-da Zığ şosesində İlham Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobillə Əhliman Süleymanovun idarə etdiyi “HOWO” markalı yük maşınını toqquşub. Nəticədə İ. Əsgərlinin idarə etdiyi avtomobildə olan sərnişin Sənan Mirzəyev ölüb, İlham Əsgərli və maşında olan digər sərnişin Pərvin Fətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oglu, “Mercedes” avtomobilini idarə edən İlham Əsgərli isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur. /apa/