Böyükşor gölünü iki yerə ayıran bənd gələcəkdə səkkiz zolaqlı avtomobil yolu funksiyasını yerinə yetirəcək. Uzunluğu 1570 metr olan bəndin üzərində salınacaq birinci dərəcəli magistral yol bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək və şəhərin yol infrastrukturunun bu hissədəki yükünü azaldacaq.
Qazeta.info xəbər verir ki, Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası layihəsinə əsasən salınan bənd ilk mərhələdə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək gölün təmizlənməkdə olan şərq hissəsini digər hissədən ayıracaq. Birinci mərhələdə Böyükşor gölünə axıdılan çirkab sularının qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcək. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafındakı qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi də planlaşdırılır. Gölün cənub hissəsində geniş miqyaslı abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaq. Sahil xətti boyunca bulvarın yaradılması və buradan stadion ərazisinə keçid nəzərdə tutulur.
Bənd üzərində salınacaq avtomobil yolunun Ziya Bünyadov prospekti və Balaxanı-Binəqədi şosesi ilə birləşdirilməsi Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası layihəsinin 2015-2020-ci illəri əhatə edən ikinci mərhələsinə daxildir.//AzərTAc