ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Xarici İşlər Nazirliklərinin nümayəndələri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın qarşıdakı görüşünü alqışlayırlar.
ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqliklərini bildiriblər.
Onlar bu gün verdikləri bəyanatda tərəfləri bu yaxınlarda gərginliyin artması fonunda münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq qalmalarına çağırıblar.
Tərəflər Soçi, Uels və Parisdə başlanılan müzakirələri davam etdirməli, eləcə də gələn il artıq müzakirə olunan təkliflər əsasında dialoqu intensivləşdirməlidirlər.
Nazirlər qeyd ediblər ki, qoşunların təmas xəttində, eləcə də Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin xeyli artması ilə status-kvo qəbuledilməzdir. Onlar, həmçinin ağır silahların tətbiqini pisləyiblər və insanların ölüm halları ilə bağlı təəssüflərini ifadə ediblər.
Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri riskin azaldılması üzrə tədbirlər təklif ediblər: "Biz tərəfləri ATƏT-in istintaq mexanizmi daxil olmaqla bu tədbirləri görməyə çağırırıq. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüşlər haqqında məlumat mübadiləsi üzrə tərəflərin əldə etdiyi tərəqqini alqışlayırıq. Biz BQXK ilə gələcək əməkdaşlığa çağırırıq və əmin olmalıyıq ki, komitənin özünü tam reallaşdırmaq üçün kifayət qədər vəsaiti var. Azərbaycan hakimiyyətinin təmas xəttini keçmiş Ermənistan əsgərini və sərhədi keçmiş Ermənistanın mülki şəxsini geri qaytarmaq qərarı beynəlxalq humanitar öhdəliklərə uyğun olaraq faydalı humanist jest idi. Biz tərəfləri 2010-cu il oktyabr tarixli Həştərxan bəyannaməsinin ruhuna uyğun olaraq bütün qalan məhbusları qaytarmağa çağırırıq".
Bəyanatda qeyd edilir: "Ötən il ərzində biz həmsədrlərə və Minsk qrupu formatının özünə şifahi məzəmmətlərin şahidi olduq. Biz vurğulayırıq ki, Minsk qrupu tərəflər üçün yeganə məqbul format olaraq qalır və ATƏT-in bütün üzv dövlətlərinin tam etimadını qazanıb".
Həmsədrlər, həmçinin qeyd edirlər ki, Minsk qrupu prosesini dəstəkləməkdə maraqlı olan beynəlxalq və regional təşkilatları məlumatlandırmağa davam edəcəklər: "Biz ümumi hədəfə - möhkəm sülhə nail olmaq üzrə tərəflərlə sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bir daha təsdiq edirik"./anspress/