ABŞ tərəfindən Merkelin dinləməsi haqda yeni iddialar
19.07.2015 582 0.0 0

“Almaniya rəsmiləri arzu edərlərsə əlimdə olan informasiyanı onlarla paylaşa bilərəm”. Məlumata görə, bu sözləri “Wikileaks” saytının qurucusu Culian Assanc deyib. Almaniyada nəşr olunan həftəlik “Der Spiegel” jurnalına müsahibə verən Assanc ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon danışıqlarını qanunsuz dinləməsi mövzusunda Almaniya parlamentində qurulan araşdırma komissiyasına yardım edə biləcəyini açıqlayıb. ABŞ-a ekstrdisiya olunacağı qorxusu ilə Londondakı Ekvador səfirliyindən çıxa bilməyən Assanc bu istintaqda şahidlik edə biləcəyini açıqlayıb. 

“Əgər alman millət vəkillərinin bir şahidə ehtiyacları varsa buraya gələrək mənə suallar vermələrindən məmnun olaram”. 

NSA-nın Almaniya kansleri Anqela Merkeli və bir çox yüksək çinli məmuru uzun illər dinlədiyini deyən Assanc, onların xüsusilə Almaniyanın iqtisadiyyat siyasəti barədə məlumat almağa çalışıldığını qeyd edib: 

“Əlimizdə alman siyasətçilərin, xüsusilə də kansler və xarici işlər nazirinin dinləndiyini göstərən sənədlər var. Onların arasında bir müddət əvvəl paylaşdığımız, Merkelin ətrafında olan 56 yüksəkçinli məmurun telefonlarının olduğu siyahı var. Mənbələrimizi açıqlaya bilmərəm, amma bu sənədlərin orijinal olduğunu göstərən səbəbləri də onlara açıqlaya bilərəm.” 

İnternetdə paylaşdıqları siyahıda dinlənən mobil telefon nömrələrini açıqca göstərmədiklərini deyən Assanc istintaq komissiyasına orijinal siyahını göstərə biləcəyini bildirib:

“Əlimdəki, alman siyasətçilərə və yüksəkçinli məmurlara aid 125 nəfərlik telefon siyahısının hüquqi baxımdan böyük əhəmiyyəti var. Almaniyanın federal prokurorluğu daha əvvəl dinləmələr barədə istintaq başlatmış, bunun həqiqət olub-olmadığını hüquqi baxımdan sübuta yetirə bilmədiyini deyərək araşdırmaya xitam vermişdi. Siyahı ilə yanaşı dinləmələr nəticəsində hazırlanmış dəyərləndirmə hesabatlarını da paylaşdıq. Bunlar Merkel və digərləri arasında baş tutan telefon danışıqları dinlənərək hazırlanıb”. 

Xatırladaq ki, bundan əvvəl NSA-nın Fransa rəsmilərini dinləməsi barədə iddialar yayılmışdı. 

Fransa Milli Assambleyasının sədri Klod Bartolone ABŞ prezidenti Barak Obamanı bu səbəbdən Fransadan üzr istəməyə dəvət etmişdi. 

Həmçinin rəsmi Parisin də 40-dan çox ölkəyə aid informasiyaları gizlicə izləməsi barədə xəbərlər yayılmışdı. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar