Məlumata görə, “New York Times” qəzetinin tanınmış jurnalisti Rocer Koen məqaləsində Səudiyyə Ərəbistanının məhz bu qənaətdə olduğunu iddia edir.
Rocer Koen “New York Times” qəzetində dərc olunmuş “Bir konqresmenin İranı” başlıqlı məqaləsində yazır ki, Konqresin yəhudi veteranlarından miçiqanlı demokrat millət vəkili Sander M. Levin, “bu həftə çox mühüm bir bəyanat verib”. İranla sazişi dəstəkləyən deputat deyib ki, hər hansı bir məsələ barəsində ictimai mövqe tutarkən dərin faktlara əsaslanmaq lazımdır.
Jurnalistin fikrincə, Sander M . Levinin bəyanatı iki nöqteyi-nəzərdən çox mühümdür. Bunlardan biri odur ki, konqresmen gözlənilmədən İranla əldə edilmiş nüvə razılaşmasını dəstəkləyib. İkincisi isə bu bəyanat Konqresdə “İsrailin dostu” sayılan qocaman yəhudinin dilindən çıxıb.
Rocer Koen yazır ki, Levinin mülahizəsi onu ayıq, sağlam və dəqiq nəticəyə gətirib çıxarıb. Bu nəticə ondan ibarətdir ki, saziş İranın nüvə silahı istehsal etməsinin qarşısını almağın “ən yaxşı yoludur”. Nəticədə nəinki bütün Yaxın Şərq, elə İsrailin özü üçün də daha təhlükəsiz şərait yaranacaq. Bu düşüncəni mühüm və ciddi dövlətlər - Rusiya, Çin, Britaniya, Fransa və Almaniya da bölüşürlər.
Rocer Koen: Səudiyyə kimi müttəfiqdənsə...
Məqalədə deyilir ki, saziş İranın nüvə anbarını 97 faiz ixtisar edir, uranın 3, 67 faizdən yüksək dərəcədə zənginləşdirilməsini qadağan edir, ən pis halda İranı nüvə silahı əldə etmək üçün 1 il geri atır. Halbuki, sazişdən əvvəl bu müddət cəmi iki ay idi.
Koen yazır ki, Konqresə sazişə baxılması üçün 60 gün vaxt verilib. Onun fikrincə Konqresin sazişi rədd edəcəyi və buna isə Obamanın veto qoyacağı qaçılmazdır. Lakin Barak Obamanın vetosunun üstündən xətt çəkməyə Konqresin gücü çatmayacaq.
Xatırladaq ki, ABŞ konqresində İsrailin təsiri ilə razılığa və Obamanın bu yöndə siyasətinə tam qarşı çıxan qüvvələr mövcuddur. Lakin demokratlar razılığın konqresdən keçməsi üçün lazımi güclərinin olduğunu iddia edirlər. Prezident Barak Obama isə əldə olunan razılığın uğurlu reallaşdırılmasına mane olacaq istənilən qanuna veto qoyacaq. “Biz beynəlxaql müttəfiqlərlə birgə qarşı tərəflərin on illərdir gələ bilmədiyi bir razılıq əldə etmişik. Söhbət İranın nüvə silahını əldə etməsinin qarşısını alan, uzunmüddətli və hər tərəfli razılıqdan gedir...Fikrimcə belə bir razılıqdan imtina etmək məsuliyyətsizlik olardı”- deyə Obama bildirib.
Obamanın veto qoyacağı qaçılmazdır
Məqalədə deyilir ki, İranla sazişə sağlam düşüncə ilə yanaşan bir çoxları Levinin nəticəsinə gəliblər. Jurnalist xatırladır ki, ABŞ-ın İsraildəki 5 keçmiş səfiri açıq məktub yazaraq Senat və Konqresi İranla sazişi dəstəkləməyə çağırıblar.
“Maraqlıdır ki, - yazır Koen, - İsrail və ABŞ respublikaçıları ilə yanaşı sazişi ən böyük haray-qışqırıqla tənqid edən Səudiyyə Ərəbistanı olub”.
Səudiyyəlilər İranla sazişi “Amerikanın acizliyi” adlandırmaqla kifayətlənmirlər. Onlar İraqa müdaxilədən bəri əmindirlər ki, Birləşmiş Ştatlar şiəpərəst mövqe tutub. “Onlar İranın antisünni imperiya xəyallarından o qədər çəkinirlər ki, Yəməni ağına-bozuna baxmadan bombalamaq kampaniyasına başlayıblar” – deyə məqalədə bildirilir.
Səudiyyə kimi müttəfiqdənsə...
“İndi də gələk Ameirikanın müttəfiqi səudlara, - yazır Koen, - İran hazırda düşmən qüvvə sayılır və gözlə görünən yaxın gələcəkdə də belə olaraq qalacaq. Amma bizim “müttəfiqlərimiz” Birləşmiş Ştatlar üçün nə ediblər? Onlar öz mədrəsə və başqa vasitələri ilə vəhabi İslamını təbliğ ediblər ki, onun da qatı antiqərb təlimi əl-Qaidənın, Talibanın, son vaxtlarda isə İŞİD -in yaranmasında maya olub. Onlar neft qiymətlərini süni şəkildə aşağı salıblar ki, Amerikanın xilaskar enerji inqilabını əngəlləsinlər, şist neftini rəqabət gücündən məhrum etsinlər”.
Jurnalist Koen ABŞ üzərinə 11 sentyabr terror aktının “canlı qüvvəsinin də Səudiyyədən gəldiyini” yada salıb.
Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı nəinki Amerikanın monarxiyanın neft asılılığından qurtarmasını istəmir, üstəlik, Vaşinqtonun Yaxın Şərqdəki strateji imkanlarını məhdudlaşdırır. Koenin fikrincə bu imkanlardan biri də İŞİD-ə qarşı ABŞ-İran müttəfiqliyidir.
“New York Times” qəzetinin təhlilçisi bu qənaətə gəlir ki, məsələyə “Levin kimi cəsarətlə” baxdıqda, düşünrsən: Kim bilir, Vaşiqntonun “öz müttəfiqinin” narazılığına baxmayaraq “öz düşməni” ilə saziş bağlaması, bəlkə bütün Yaxın Şərqdəki vəziyyəti Amerikanın milli maraqlarına uyğun şəkildə dəyişə bilər./anspress/