ABŞ Dövlət Departamenti keçən gün Ermənistan parlamentinə “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı təqdim etdiyi qanun layihəsinə münasibət bildirib.
Məlumata görə, son bir ayda Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə açıqlama verən Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Vaşinqtonun beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımadığını bəyan edib.
“Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində müəyyən ediləcək”, - deyə Mark Toner bildirib.
O həmçinin vurğulayıb ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ruhda danışıqlar masası arxasına oturmağa çağırır.
Birləşmiş Ştatlardan əvvəl Rusiya hakimiyyətindən də açıqlama gəlib. Rusiya prezidenti mətubat katibi Dmitri Peskov Ermənistan Qarabağın "müstəqilik" layihəsini Moskva ilə müzakirə etməyib.
Peskovun sözlərinə görə, Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri atəşkəsi pozacaq kövrək addımlardan çəkinəcək.
Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək parlamentə göndərib.
Separatçı rejimin tanınması barədə qanun layihəsi “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.
Lakin Ermənistan hökuməti və parlamenti "Dağlıq Qarabağın müstəqilliyi" barədə qanun layihəsindən imtina edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də Ermənistana xəbərdarlıq etmişdi. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır.
O bildirib ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq:
"Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”./anspress/