ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi prezident Donald Trampın seçkiqabağı kampaniyası və rəsmi Moskva arasında hər hansı əlaqə tapmayıb.
“Gazeta.ru”-ya istinadən verilən xəbərə görə, bunu respublikaçı konqresmen Mayk Konvey bəyan edib.
“Biz sövdələşməyə dair ciddi dəlil-sübut aşkarlamadıq. Söhbət yalnız bəzi uğursuz qərarlar və yersiz görüşlərdən gedə bilər”, deyə konqresmen vurğulayıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı bütün dindirilmələr başa çatıb. Bununla belə, Demokrat partiyasının Nümayəndələr Palatasındakı üzvləri vəzifəsini tərk edən Ağ Evin kommunikasiyalar üzrə direktoru Houp Hiks və Trampın seçkiqabağı kampaniyasının meneceri Kori Levandovskinin dinlənilməsini zəruri sayırlar.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır./apa/