Fevralın 25-də Hyuston şəhərində Azərbaycan Mərkəzinin təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib, daha sonra isə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmi nümayiş etdirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə diplomatik korpus, Hyuston şəhər meriyası, yerli ictimaiyyət, Azərbaycan, Türkiyə, Braziliya, Bosnia və Herzeqovina, Pakistan icmalarının nümayəndələri iştirak edib.
Tədbiri açan Hyustondakı Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova iştirak edən qonaqları salamlayaraq Ermənistan tərəfindən törədilən Xocalı qətliamı ilə bağlı məlumat verib. Sonra Türkiyə Cümhuriyyətinin Hyustondakı Baş konsulu Ferhat Alkan çıxış edib. O, Ermənistanın törətdiyi Xocalı qətliamını qəti şəkildə pisləyib, onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini qeyd edib, bu ölkənin BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin yerinə yetirməli olduğunu vurğulayıb.
Öz növbəsində, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının niyyətli şəkildə həyata keçirildiyini, Xocalı əhalisinin çox böyük hissəsinin qətlə yetirildiyini, girov götürərək işgəncə verildiyini, yüzlərlə insanın itkin düşdüyünü xatırladıb. Azərbaycanlı diplomat soyqırım və insanlıq əleyhinə cinayət olan bu əməlləri törədən şəxslərin ədalət mühakiməsinə cəlb olunacağına, həmçinin xalqın və onun tərkib hissəsi olan xarici ölkələrdəki diasporamızın dəstəyi ilə Azərbaycan rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inamını ifadə edib. Daha sonra Texas A&M Universitetinin tədqiqatçısı Samir Hüseynov çıxış edərək Xocalı qətliamı barədə iştirakçılara geniş məlumat verib. O, bu faciənin faktoloji, hüquqi və siyasi məqamlarını izah edib və bu mövzuda yazılmış elmi araşdırmalarda yer almış əsas məqamları səsləndirib.
Tədbirin ikinci hissəsində tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmi nümayiş etdirilib. Film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.
Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Fevralın 25-də həmçinin Boston şəhərində Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə Xocalı qətliamının 25-ci ildönümünə həsr olunmuş toplantı təşkil edilib.