Mark Toner: “NATO üzrə müttəfiqimiz Türkiyənin yanındayıq”
“Əgər türkmənlər doğrudan da Rusiyanın hücumlarına məruz qalırsa, özlərini müdafiə etmək üçün hər cür haqqa sahibdirlər”.
“Milliyet”ə istinadən verilən məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyə tərəfindən vurulan Rusiya hərbi təyyarəsinin pilotlarından birinin türkmənlər tərəfindən öldürülməsi iddiaları ilə bağlı suala cavabında deyib.
M. Toner Rusiyanın Türkiyə sərhədinə çox yaxın bir sahədə suriyali mötədil müxalifləri hədəf almasına diqqət çəkərək bildirib ki, Rusiyanın sərhəddəki əməliyyatları bu cür nəticələrə gətirib çıxara bilər: “Gərginlik azaldılmalıdır. Prezident Obamanın da söylədiyi kimi, Rusiya Türkiyə sərhədlərinin çox yaxınlığında əməliyyatlar keçirir və mötədil müxalifləri təqib edib, onları hədəfə alır. Bu durum bu cür nəticələrə səbəb olur. NATO üzrə müttəfiqimiz Türkiyənin yanındayıq”.
M. Toner gərginliyin azaldılması üçün ABŞ səlahiyyətli şəxslərinin Türkiyə və Rusiya ilə təmasda olduqlarını vurğulayıb. O, prezident Barak Obamanın sözlərinə istinad edərək Türkiyənin öz hava məkanını qorumaq haqqı olduğunu vurğulayıb: “Əgər çox aydın bir sərhəd pozuntusu olubsa, Rusiya bunu gələcəkdə təkrar etməməlidir. Rusiya bunun hansı nəticəyə səbəb olacağını bilməlidir”.
Pentaqon sözçüsü Peter Kok isə Türkiyənin daha əvvəl baş vermiş sərhəd pozuntuları ilə bağlı xəbərdarlıqlarını xatırladıb: “Türkiyə NATO üzrə müttəfiqimizdir və onun hava məkanı NATO hava məkanıdır. Türkiyənin özünümüdafiə hüququ var. Daha öncəki pozuntular zamanı Türkiyə narahatlıqlarını dilə gətirmişdi, biz də narahatlığımızı ifadə etmişdik”./apa/