“Mən həmsədr vəzifəsinə yeni gəldiyim zaman əsas təhlükə cəbhənin hər iki tərəfində cəmləşən və bir-birinə atəş açan snayperlərdən qaynaqlanırdı. İndi isə taktika dəyişib. Minaatanlar və ağır artilleriyaların istifadəsi ilə hücumlar təşkil olunur. Çox təəssüflər olsun ki, biz dinc sakinlər arasında itkilərin şahidi oluruq. Bu yolverilməzdir və biz bu itkilərin olmaması üçün bütün tərəfləri mümkün olan hər şeyi etməyi çağırırıq”.
Qazeta.info AzVision.az-a istinadla bildirir ki, bu fikirləri ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlik bildirib.
O, regionda sülhə səbəb olacaq razılaşmanın tezliklə əldə olunmasının vacibliyini vurğulayıb.
Uorlik qeyd edib ki, ABŞ tərəflər arasında inamın artırılması tədbirlərini dəstəkləyir və bu hədəfə nail olmaq üçün tərəflərlə işləməyə hazırdır. “Biz artıq uzun müddətdir ki, ATƏT çərçivəsində araşdırma mexanizminin tətbiq olunmasını dəstəkləyirik və ümid edirik ki, Azərbaycan bu mexanizmi tanımağa hazırdır”, - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün atəşkəsə hörmət etmək lazımdır: “Atəşkəsə riayət etmədən danışıqlarda irəliləyişə nail olmaq çox çətindir və biz ümid edirik ki, tərəflər atəşkəs rejiminə riayət edəcək və günahsız dinc sakinlərə zərər vuran qarşıdurmalardan çəkinəcəklər”.
Rusiya və Qərb arasında fikir ayrılıqlarına toxunan Uorlik bir daha xatırladıb ki, Moskva və Vaşinqton ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlığı davam etdirir: “Bildiyiniz kimi, biz və Moskva arasında olduqca gərgin məsələlər var, lakin Dağlıq Qarabağ onlardan biri deyil. Biz Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətlənən əməkdaşlığa hazırıq. Mən Rusiya və Fransadan olan həmkarlarımla sıx əlaqədə işləyirəm. Biz Rusiyanın münaqişənin sülh yolu ilə həlli prosesində aktiv iştirakını alqışlayırıq”.