ABŞ federal rezerv sistemi (FRS) baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırıb.
Məlumata görə, bu barədə federal rezerv sisteminin saytında məlumat verilib. Buna qədər FRS-in baza dərəcəsi 0-0,25 faiz arasında dəyişirdi. Bu, ABŞ tarixində ən aşağı göstəricidir və 2008-ci ildən bu yana qüvvədə idi. Dərəcə 2007-08-ci illərdə baş vermiş böhran səbəbindən ABŞ iqtisadiyatına dəstək məqsədi ilə endirilmişdi. 2007-ci ilin sentyabrında baza dərəcəsi 5,25 faiz idi.
FRS bildirib ki, ölkədə iqtisadi fəallıq mülayim templə artır. Mənzil sektorunda davamlı yaxşılaşma müşahidə edilir və işsizlik aşağı düşür. FRS iqtisadi perspektivi nəzərə alaraq və gələcək iqtisadi nəticələrə təsir məqsədi ilə baza dərəcəsini dəyişir.
Samir Əliyev - İqtisadi Təşəbğbüslərə Yardım Mərkəzinin eksperti
İqtisadi Təşəbğbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, federal rezerv sisteminin baza faiz dərəcəsinin dəyişməsi dolayısı ilə də olsa Azərbaycandakı iqtisadi proseslərə təsir göstərəcək. "Adətən baza faiz dərəcəsi qalxdıqdan bir az sonra dollar bahalaşmağa başlayır. Bu isə neftin qiymətinin ucuzlaşması ilə nəticələnir. Neftin qiymətinin ucuzlaşması isə dolaysı ilə manatın devalvasiyasına təsir göstərir. Amma bunun birbaşa təsirindən danışmaq olmaz", - deyə Samir Əliyev bildirib.
İqtisadçı ekspertin fikrincə, neftin ucuzlaşmasına təsir edəcək ikinci amil ABŞ-da neft ixracatı barədə qanun layihəsidir. Hazırda Konqressin müzakirəsində olan qanun layihəsi qəbul olunduqdan sonra neftin qiymətinin düşməsi davam edəcək.
Təbii ki, OPEK-in neft hasilatını azaltmaması da neftin qiymətini aşağı salacaq amillərdən biridir. Dekabrın 4-də keçirilmiş iclasda kartel üzvü olan ölkələr neft hasilatı kvotasını sutkada 30 milyon barreldən 31,5 milliona barrelə qaldırıblar. Hazırda kartel sutkada 31-32 mln barrel neft hasil edir. Bu isə neftin qiymətinin barrel üzrə 30 dollardan aşağı düşməsinə səbəb ola bilər.
ABŞ federal rezerv sisteminin baza faiz dərəcəsini qaldırması Azərbaycana Rusiya vasitəsi ilə də təsir göstərə bilər. Rusiya ekspertləri bunun rublu ucuzlaşdıracağını proqnozlaşdırırlar. Təbii ki, Azərbaycan əsas ticarət tərəfdaşlarından biri olan Rusiya devalvasiyasına adekvat cavab verərək, istər-istəməz manatı da devalvasiyaya uğratmalıdır.
Aleksey Ulyukayev - Rusiyanın iqtisadi inkişaf naziri
Lakin Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bu məsələnin rublun məzənnəsinə ciddi təsir olmayacağını bildirib. Onun sözlərinə görə, bazarlar faiz dərəcəsinin qalmasına çoxdan hazır idi və bunun nə neftin qiymətinə, nə də rublun məzənnəsinə ciddi təsiri olmayacaq.
Deməli, manat Rusiya tərəfdən bu istiqamətdə zərbə almayacaq. Əslində, manatın devalvasiyası nə qədər yumşaq və cüzi olarsa, sadə Azərbaycan vətəndaşı üçün daha əlverişli olar. Hər halda, fevralda baş vermiş 34 faizlik sərt devalvasiyanın şoku bir daha yaşanmaz. Amma istənilən halda, hökumət ölkə iqtisadiyyatını bu cür risklərdən qurtarmaqü çün indidən addımlar atmalıdır./anspress/