ABŞ-da neft hasilatı 28 oktyabr-3 noyabr tarixlərində 67 min barel/gün və ya 0,7% artaraq 9,62 mln. barel/günə çataraq tarixi rekord səviyyəyə yüksəlib. Məlumata görə, bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Administrasiyası tərəfindən yayılıb. Xatırladaq ki, bundan əvvəlki rekord səviyyə 2015-ci ildə qeydə alınıb və 9,61 mln.barel/gün təşkil edib.
Hesabat həftəsində ABŞ-da neft ehtiyatları da 2,24 mln. barel və ya 0,5% artaraq 457,14 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2,8 mln. barel/gün azalacağını proqnozlaşdırırdılar.
Bununla yanaşı, oktyabr ayında Çinin neft idxalının orta gündəlik həcminin sentyabr ayı ilə müqayisədə 1,7 mln. barel/gün və ya 19%-ə yaxın azalaraq 7,3 mln. barel/günə gerilədiyi bildirilir. Bu məlumatı Çin Baş Gömrük İdarəsi yayıb.
Açıqlanan məlumatlar "Brent" markalı neftin qiymətini bir qədər azaltsa da, sonradan qiymətlər yenidən 64 dollar/barelə yaxınlaşıb. "Report"un analitik qrupu bildirir ki, neft qiymətlərinin düşməməsinə səbəb OPEC-in noyabrın 30-da keçirəcəyi iclasda hasilatın azaldılması ilə bağlı anlaşmanı uzadacağı ilə bağlı gözləntilərdir. Bu xəbərdən sonra, neft qiymətlərində azalmanın tədricən başlayacağı, 2018-ci ilin II yarısından isə sürətlənərək 40 dollar/barel, 2019-cu ildə isə 30 dollar/barel səviyyəsinə kimi davam edəcəyi proqnozlaşdırılır./Report/