ABŞ-da 29 dekabr-5 yanvar həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.
Məlumata görə, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 4,95 mln. barel və ya 1,17% azalaraq 419,5 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 3,75 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları əvvəlki həftə 7,4 mln. barel azalma göstərib.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 3,55 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 4,13 mln barel və ya 1,77% artaraq 237,3 mln. barelə çatıb. Əvvəlki həftə isə benzin ehtiyatları 4,8 mln. barel artıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları son 1 il ərzində 63,6 mln. barel və ya 13,2% azalma göstərib. Ehtiyatların maksimal həddi 2017-ci il martın 24-də bitən həftədə 533,977 mln. barel olub. Hazırda ABŞ-ın neft ehtiyatları maksimal səviyyədən 114,462 mln. barel və ya 21,4% aşağıdır.
ABŞ-da hesabat həftəsində neft hasilatı 290 min barel və ya 2,96% azalaraq 9,492 mln. barel/gün təşkil edib.
"Report"un analitik qrupu bildirir ki, neft qiymətləri yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin 55-73 dollar/barel diapazonuna olması gözlənilir./Report/