“İŞİD” terror qruplaşması - Livan, Misir, Ankara və son olaraq Paris hücumlarından sonra növbəti hədəf ölkələrinin adını açıqlayıblar. Bu ölkə Amerika Birləşmiş Ştatlarıdı. Qruplaşma üzvləri “İŞİD”in mövqelərinə aviazərbələr endirən bütün ölkələrə xəbərdarlıq ediblər.
ANS TV-nin ABŞ bürosunun məlumatına görə,”İŞİD” qruplaşmasının Amerika Birləşmiş Ştatlarını hədələməsi ölkədə narahatlıq yaradıb. Terrorçular bir neçə saat əvvəl İraqın paytaxtı Bağdaddan yayımlanan kadrlarda Amerikanın paytaxtı Vaşinqtona zərbə endirəcəklərinə dair xəbərdarlıq etdilər.
Silahlılar Fransanın paytaxtı Parisdə törətdikləri hücumları Amerikada da təkrarlayacaqlarına söz veriblər. “İŞİD”ə qarşı keçirilən hava əməliyyatlarını Səlib yürüşlərilə müqayisə edən “İŞİD” silahlılar “Fransanı vurduğumuz kimi Amerikanı da vuracağıq” söylədilər.
Bəs Amerika bu hədəyə qarşı nə edir? Dövlət qrumları hələlik rəsmi açıqlama verməsə də, Federal Təhqiqat Bürosunun və hüquq-mühafizə orqanlarının gücləndirilmiş iş rejiminə keçdiyi xəbəri yayılıb.
Ölkənin aparıcı kanalları isə demək olar ki, bu xəbərlə yaşayır. Hər kəsi olduğu yerdə ehtiyyatlı olmağa çağırırlar. Xüsusən insanların sıx görüldüyü yerlərdə ehtiyat daha çox əldən verilməməlidir.
Harvard Univeristeti artıq terror təhlükəsilə üzləşib. Naməlum elektron poçt vasitəsilə universitetdə partlayıcı olduğuna dair xəbərdarlıq yayılandan sonra 4 binadakı tələbələr təxliyə olundular.
Amerikalıların “İŞİD” təhdidinə reaksiyası isə birmənalı deyil. Onsuzda mövcud olan islamafobiyanın güclənməsi üçün daha bir şərait yarandı.
Birləşmiş Ştatlar prezidentinin dünənki açıqlamasına nəzər salsaq, hiss edilir ki, dövlət müsəlmanlara qarşı kobud davranışın qarşısını almağa çalışacaq. Əks təqdirdə həqiqətən də Obama demişkən “İŞİD”in dəyirmanına su tökmüş olacaqlar.
Amerikada yaşayan müsəlman icması isə “İŞİD” terroruna qarşı təpki göstərmək üçün böyük bir toplantıya hazırlaşır./anspress/