ABŞ prezidenti Donald Tramp Belarusa qarşı sanksiyaların daha bir il uzadılması barədə fərman imzalayıb.
DW”yə istinadən xəbər verilir ki, dövlət başçısı bununla bağlı Konqresi məlumatlandırıb.
Bu sanksiya prezidentin fərmanına əsasən uzadılır və qüvvədə olur.
ABŞ prezidenti sanksiyaların uzadılmasını Belarus hökumətinin bəzi təmsilçilərinin ölkədə insan hüquqlarını pozmaları ilə əsaslandırıb.
İnformasiyaya əsasən, 2006-cı il iyunun 16-da tətbiq edilən sanksiyanın müddəti daha bir uzadılıb.
“Belarus hökumətinin üzvlərinin və başqa şəxslərin fəaliyyəti, eləcə də siyasəti ölkədəki demokratik prosesi və institutları məhv edir. Onlar insan haqlarını pozur, korrupsiyaya bulaşırlar. Həmin şəxslər bu kimi fəaliyyətləri ilə ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaradırlar. Belə amillər sanksiyanın müddətinin 2017-ci il iyunun 16-dan sonra da uzadılmasını vacib edir”, - deyə D.Trampın Konqresə ünvanladığı məktubda vurğulanıb.
Qeyd edək ki, bu ilin fevralında Avropa İttifaqı da Belarusa qarşı sanksiyaların müddətinin daha bir il uzadılması haqqında qərar qəbul edib. Həmin sənədə əsasən, Belarusa silah embarqosu davam etdiriləcək, müxalif siyasətçilərin itkin düşməsində rolu olan 4 şəxsin adı "qara siyahı"dan çıxarılmayacaq.
Xatırladaq ki, Avropa İttifaqı 2015-ci ildə Belarusa qarşı 2002-ci ildə qəbul etdiyi sanksiyaların bir hissəsini ləğv etmişdi. Həmin qərara əsasən, 170 vətəndaş və 3 hüquqi şəxs ittifaqın “qara siyahısı”ndan çıxarılıb./Report/