Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) fəxri prezidenti Söyün Sadıqov son vaxtlar təşkilatın daxilində gedən intriqalar və rəhbərlik arasında yaranan narazılıqlara aydınlıq gətirib.
Məlumata görə, S.Sadıqov “mediafax.ru” saytına müsahibəsində bildirib ki, “Azerros”un bəzi rəhbər şəxslərinin destruktiv mövqeyi üzündən qurumda krizis situasiya yaranıb və bu da daxili qarşıdurmalara gətirib çıxarıb. Onun sözlərinə görə, qurumda daxili fikir ayrılığı 2013-cü ildə “Azerros”un prezidenti vəzifəsindən gedəndən sonra yaşanmağa başlayıb: “Kadr dəyişikliyinin labüdlüyünü başa düşərək mən könüllü şəkildə yerimi Asif Məhərrəmova güzəştə gedərək postumu tərk etdim. Mən hətta ora getməyi də dayandırdım ki, “Azerros” kollektivi yeni prezidentlə işləsin və təkcə tədbirlərə qatıldım. Lakin Məhərrəmov və Ağsaqqal Şurasının sədri Abbas Abbasov regionlarda Azərbaycan təşkilatları və sadə insanlarla bağlı işlərdə yanlış taktika seçdilər. Mənə tez-tez region liderlərindən qeyd etdiyim şəxslərin təkəbbürlü davranışı ilə bağlı şikayətlər gəlməyə başladı. Bundan başqa, təşkilatın özündə də cənab Məhərrəmovun idarəetmə metodundan “ağlamağa” başladılar. Federal Şuranın sədri Mehriban Sadıqova bir neşə dəfə mənimlə görüşdü və xahiş etdi ki, mən özlərində insanları təhqir etmək haqqı görən Məhərrəmov və Abbasova təsir edim. Mən dəfələrlə Ağsaqqallar Şurasının sədri kimi Abbasovu xəbərdar etdim ki, “Azerros”da vəziyyət çox çətindir, təşkilat dağıla bilər”.
Sadıqovun sözlərinə görə, dediklərinin əksinə olaraq Abbasov Məhərrəmovun idarəetməsindən narazı olanlara qarşı intriqa aparmağa başlayıb. O bildirib ki, təzyiqlərdən sonra Məhərrəmov öz istəyi ilə postundan gedib, lakin Abbasov ağsaqqal kimi konqresdə iştirak etməkdənsə, hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək bunun qarşısını almağa çalışıb, lakin bacarmayıb: “Abbasov öz xalqından qorxdu və konqresə federal Şuranın üzvlərini buraxmadı. Özünü öz həmvətənlərindən qorumaq üçün oraya polis, OMON dəvət etdi və dağıstanlı uşaqlardan ibarət mühafizəçilər tutdu. Onlarla konqresə gələn FŞ üzləri arasında az qala dava düşmüşdü. Görünür, Abbasov ictimai təşkilatla biznesi və ya şəxsi mülkünü səhv salıb. Bu insan özünü kospolit kimi aparır, nə öz xalqını, nə vətənini, nə də yaşadığı ölkəni sevir. Dövlət məmurları və OMON-un köməyi ilə lider olmaq olmaz”./Qafqazinfo.az/