Ali Məhkəmədə “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Abdulla Abdullayevin vəkili Osman Kazımovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edib. Abdulla Abdullayev 5 il sınaq müddəti tətbiq olunmaqla şərti cəzaya məhkum edilib və məhkəmə onun azadlığa buraxılması haqqında qərar çıxarıb.
Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.