Ermənistanın əldə etdiyi "İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır.
Məlumata görə, bu barədə ABŞ-da işıq üzü görən "Washington Times" nəşrində dərc olunmuş məqalədə deyilir.
"Qara dəniz və Xəzər dənizi arasında uzanan Qafqaz dağları Ermənistan prezidenti Serj Sarqsyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər. Ermənistan qanunsuz şəkildə Azərbaycanın qərb hissəsində torpaqları işğal edib, azərbaycanlılara qarşı hərbi təcavüz olub, o cümlədən 1992-ci ildə bu ölkənin 600 vətəndaşını kütləvi şəkildə qətlə yetirilib. Təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır", - məqalədə yazılıb.
Müəllif qeyd edir ki, Ermənistan ötən ilin payızında Rusiyadan "İsgəndər" raket sistemləri alıb.
"Bu, Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə mesaj mənası verən böyük təxribat idi. Bu, Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirməklə və Qərb maraqlarına təhdid xaraketeri daşımaqla bağlı siyasi xəttinə əsaslanır", - nəşr vurğulayır.
Müəllif diqqəti "İsgəndər" raketlərinə nüvə başlığı quraşdırıla biləcəyinə yönəldib. O, həmçinin Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycan tərəfini Ermənistanın Azərbaycanın infrastrukturuna raket zərbələri endirə biləcəyi ilə bağlı təhdid etdiyini xatırladıb.
"Təhriketmənin bu yeni mərhələsi Bakıda və bütün regionda bir neçə cəhətdən narahatlıq doğurur. Qonşuları da əsəbləşdirən bu cür bəyanatlar Vaşinqtonda da narahatlıq doğurur. Ceymstaun Fondu bu yaxınlarda Ermənistanda "İsgəndər" raket komplekslərinin yerləşdirilməsi kontekstində təhlükənin qiymətləndirilməsi üçün Kapitoli təpəciyində panel müzakirələr təşkil edib. Orada vurğulanıb ki, yeni silah Avropanın sabitliyinə təhdiddir, ABŞ-ın müttəfiqlərini potensial risk altında qoyur və 1988-ci ilin sazişini (orta mənzilli raketlərin aradan qaldırılması haqqında saziş - red.) pozur", - ABŞ nəşri qeyd edib.
Müəllifin fikrincə, Sarqsyanın təhrikedici ritorikası separatçıların Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin "müstəqil respublika"ya aid olduğuna dair miflərini heçə endirir.
"İşğal olunmuş bu region Azərbaycana məxsusdur və indi Azərbaycanın digər ərazilərinə yönəlmiş raketlər üçün məkana çevrilib. Həmçinin Sarqsyanın bu raketlərdən siyasi silah kimi istifadə etdiyi aydındır. Ermənistan prezidenti seçkilərdə fəallığı artırmaq üçün millətçi tərəfdarlarını Azərbaycana qarşı "oyatmağa" çalışır. O, Ermənistanın daha ayıq liderlərini, məsələn keçmiş prezident Levon Ter-Petrosyanı və onun ölkələr arasında gərginliyi azaldacaq planını rədd edir", - məqalədə deyilir./Report/