`Vergi amnistiyası` 45 min ödəyicini əhatə edəcək
20.12.2016 751 0.0 0

Vergi Məcəlləsinin və "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin qüvvəyə minməsi ilə sahibkarların sərəncamında qalan kifayət qədər dövriyyə vəsaitləri onların iqtisadi aktivliyinin artırılmasına xidmət edəcək. Məlumata görə, bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib.

 

"Burada vergi borcları əsasən iki hissəyə bölünüb. Birincisi, əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin silinməsindən söhbət gedir. İkincisi, maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsi sənəddə öz əksini tapıb. Əvvəla qeyd edim ki, hesablanmış faizlərin 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi təklif olunur. Maliyyə sanksiyalarının tərkibindən asılı olaraq Vergi Məcəlləsinin 58.7-ci maddədə nəzərdə tutulan vergi sanksiyaları, bu daha çox nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyalarıdır ki, bunun da məbləğindən asılı olmayaraq silinməsi nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsində 58-ci və digər maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyalarının isə müəyyən ardıcıllıqla silinməsi nəzərdə tutulur".

 

N. Şirinov əlavə edib ki, qanun layihəsi ümumilikdə 44704 vergi ödəyicisini əhatə edəcək. Onun sözlərinə görə, bunun 1037-si dövlət sektorunda, 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir: "Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət sektorunun, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının aparılmasının pozulmasına görə, 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətinə silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsinə gəlincə, yanvar, fevral və mart ayları ərzində ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək. Beləliklə, bu qanunun qüvvəyə minməsi nəticəsində qanun layihəsinin iqtisadi effektivliyi kimi 44704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. Biz hesab edirik ki, bu məbləğin silinməsi vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasına xidmət edəcək. Eyni zamanda, region üzrə strukturlara diqqət edəriksə, faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat faiz məbləğinin, regionlar isə 98 milyon manat faiz məbləğinin silinməsi təmin ediləcək. Qalan 237 milyon manat maliyyə sanksiyasına münasibətdə isə 138,5 milyon manat Bakı şəhərində qeydiyyatda olan vergi ödəyicilərinin, 98,5 milyon manat isə regionlarda qeydiyyatda olan vergi ödəyicilərinin maliyyə sanksiyasının silinməsi təmin olunacaq".

 

Baş İdarə rəisi bildirib ki, dövlət sektoru üzrə borclara görə dövlət büdcəsinin daxilolmasında əhəmiyyətli rol oynayan 7 iri vergi ödəyicisindən yalnız "Azərsu" ASC-nin faiz borcu və maliyyə sanksiyası tətbiq olunub: "Faiz məbləğlərində əsasən dövlət büdcəsinin daxilolmasında əhəmiyyətli rol oynayan 7 iri vergi ödəyicisindən yalnız  "Azərsu" ASC-nin 20,8 milyon manat faiz borcu, 2 milyon manat maliyyə sanksiyası bu gün onun şəxsi vərəqində mövcuddur. Digər qruplar isə sırf dövlət mülkiyyətində olan ayrı-ayrı ödəyicilər qrupuna malikdir. Ümumilikdə 7 iri tədiyyəcidən digər ödəyicilərdə praktiki olaraq faiz və maliyyə sanksiyası mövcud deyil".

Baş idarə rəisi vurğulayıb ki, hazırda vergi ödəyicilərinin ümumi borcları 1 dekabr vəziyyətinə 1 milyard 527 milyon manat təşkil edir ki, bunun 904,3 milyon manatı əsas vergi borcu, 237,1 milyon manatı maliyyə sanksiyasıdır, 386,4 milyon manatı isə faiz borcudur. N. Şirinov əlavə edib ki, qanun layihəsi qəbul olunsa, vergi ödəyicilərinin borcu 904 milyon manata düşəcək./apa/

 

 

*** SAAT 14:32

 

 

Bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "APA-Economics" xəbər verir ki, iclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub.


Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb.

Qanun layihəsinin 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərinin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borclarının tənzimlənməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanları tərəfindən silinir.

 

Qanun layihəsinə əsasən, vergi ödəyicilərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarında şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra orqanı tərəfindən silinəcək.

 

Eyni zamanda, qanun layihəsinin 2.1 maddəsi nəzərə alınmaqla vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçiriləcək:

 

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir;

 

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək;

 

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.

 

Qeyd edək ki, bu qanun layihəsinin müddəaları vergi ödəyicilərinin bu qanununu 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barədə məhkəmənin qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixindən mövcud olan ödənilməmiş hissələrinə şamil edilir.

 

Milli Məclisin plenar iclasında qanun layihəsi qəbul edilərsə, sənəd 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar