`Quş qripi` var? - Monitorinqin nəticəsi açıqlandı
05.12.2016 714 0.0 0

“Quş qripi”nə görə aparılan növbəti monitorinq başa çatıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.

Noyabrın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində KTN yanında DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq keçirilib. Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1753 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

DBNX-dən bildirilib ki, müayinələr başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib. Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.

DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.

Məlumatda qeyd olunur ki, hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar