`Qarabağ`ın rəqibinin Yunanıstan çempionatındakı oyununda qalmaqal baş verib
24.10.2016 837 0.0 0

Yunanıstan Super Liqasında VIII turun "Olimpiakos" – PAOK matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, meydan sahiblərinin azarkeşləri oyun ərzində tribunada 3 dəfə zəhərli tüstü buraxan fumiqant yandırıblar.

İlk belə hal oyunun birinci hissədə, növbətisi ikinci hissənin əvvəllərində yaşanıb. Nəticədə fasilədən sonra matç 9 dəqiqə dayandırılıb. Baş hakim Aleksandros Aretopulos xəbərdarlıq edib ki, eyni hal 3-cü dəfə baş verərsə, görüşü tam dayandıracaq. Həmin vaxt hesab 1:1 olub. Hər iki qolu PAOK-un futbolçusu Fernando Varela 6-cı dəqiqədə rəqib, 25-ci dəqiqədə öz qapısına vurub. Xəbərdarlığa baxmayaraq, 90+7-ci dəqiqədə "Olimpiakos"un futbolçusu Luka Milivoyeviçin qolundan sonra yerli fanatlar 3-cü dəfə fumiqant yandırıblar. Bununla da PAOK-un oyunçuları baş məşqçi Vladan İviçin göstərişi ilə paltardəyişmə otağına yollanıblar. Yerli komandanın futbolçusu Esteban Kambyasso final fitinə cəmi 3 dəqiqə qaldığını işarə etsə də, qonaqlar dayanmayıblar. Onların ardınca hakimlər də tunelə daxil olublar.

12 dəqiqəlik fasilədən sonra Aretopulos köməkçiləri ilə birgə meydana qayıdıb. Bir neçə dəqiqə sonra PAOK da oyunu başa çatdırmağa razı olub. Görüş elə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Amma bu qələbə "Olimpiakos"a 20 min avro cərimə bahasına başa gələcək.

Super Liqada ilk məğlubiyyətdən sonra PAOK 8 xalla 7-ci pillədə qərarlaşıb. "Olimpiakos" isə 15 xalla liderdir. Çempionatda iki tur təxirə salındığı üçün komandalar indiyədək hərəyə 6 görüş keçiriblər.

Qeyd edək ki, PAOK Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında oktyabrın 20-də Bakıda keçirilmiş görüşdə Azərbaycan təmsilçisi qalib gəlib - 2:0. Onların növbəti qarşılaşması noyabrın 3-də Salonikidə olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar