`Bəxt üzüyü`nün rejissoru vəfat edib
04.10.2016 876 0.0 0

Uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərov vəfat edib.

Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

Y.Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakı şəhərində anadan olub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirib və həmin il C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu-rejissor vəzifəsinə təyin olunub. Orada N. Hikmətin "Kor Padşah", Ə. Kürçaylının “Qoruqlar” əsərini səhnələşdirib. Hərbi xidmətdən sonra, 1974-cü ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına quruluşçu-rejissor təyin olunub. 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib.

Y.Əkbərov Sumqayıt teatrında “Əsrə bərabər gün”, “Bəxt üzüyü”, “Qınamayın məni”, “Qaravəlli”, “Bağdada putyovka var” tamaşalarına quruluş verib.

1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu-rejissor, 2006-ci ildən 2014-cü ilədək Baş rejissor vəzifəsində işləyib. Bu müddət ərzində Y. Əkbərov “Lotereya”, “Baş tutmayan hiylə”, “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Nəğməli Könül”, “Səhnədə məhəbbət”, “Əlin cibində olsun”, “Bir günlük siğə”, “Qısqanc ürəklər” tamaşalarına quruluş verib.

Prezident mükafatçısı idi, 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin“Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar