`Azərbaycan bayrağı` kitabının təqdimatı olub
20.10.2017 679 0.0 0

“Baku Crystal Hall”da Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub.

 

Məlumata görə, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

 

Kitabın müəllifi Könül İmamverdiyeva çıxış edərək bildirib ki, bu nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın hazırlanmasında məqsəd bayrağımızın müstəqil dövlətçilik tarixində, habelə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsnalığını sistemli şəkildə oxuculara çatdırmaqdır. Gənclərin vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərimizin təbliğinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan K. İmamverdiyeva deyib ki, bu nəşr də ictimaiyyət, xüsusən gənclər arasında dövlət atributlarımızın təbliğinə zəmin yaradacaq.

 

Qeyd olunub ki, kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlar yer almaqla yanaşı, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəklində meydana gələn bayrağın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması geniş şəkildə təhlil edilib. “Bu nəşrdə qədim dövrlərdən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar öz əksini tapıb və həmin materiallar illüstrativ formada oxucuların diqqətinə çatdırılıb”, - deyə müəllif bildirib.

 

 

O, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək belə təqdimatların davamlı olmasının önəmini vurğulayıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov kitab haqqında fikirlərini bölüşüb. O deyib ki, Azərbaycan ərazisində yaranmış orta əsr dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda yer alması nəşrin elmi əhəmiyyətini artırıb. Y.Mahmudov bildirib ki, milli rəmzlərimizin bərpası və qəbulunda ulu öndər Heydər Əliyevin çoxsaylı xidmətləri olub. Bu gün Prezident İlham Əliyevdövlət bayrağımızın təbliği istiqamətində müstəsna işlərin həyata keçməsi üçün xüsusi göstərişlər verir.

 

Dövlət bayrağı ilə bağlı qanunvericilik bazasının formalaşması, bu yöndə həyata keçirilən müvafiq işlər ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısının nəticəsidir.

 

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Tofiq Nəcəfli kitabın elmi əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, belə nəşrlər vətənpərvərlik nümunəsidir.

 

Xatırladaq ki, “Azərbaycan bayrağı” kitabının elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçisi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar