Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarından 700 bal toplayan Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev UNEC-də olublar.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, ingilis dilində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayevlə görüşüblər. İmtahanda ən yüksək nəticə əldə etdiklərinə görə gəncləri təbrik edən A.Rzayev bildirib ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlarla təşkil olunan dərsləri dünyanın aparıcı universitetlərindən məzunları tədris edir. Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili həyata keçirilir. Tələbələr UNEC-in beynəlxalq mübadilə proqramlarında da iştirak edə bilir.
UNEC-də bir semestrlik pedaqoji fəaliyyət göstərən amerikalı professor Bülent Aybarla görüş abituriyentlər üçün yaddaqalan olub. B.Aybar abituriyentlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verib, dünya əmək bazarının tələblərini açıqlayıb. Amerikalı professor bildirib ki, UNEC bu gün dünya əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır.
UNEC-in dünyanın qabaqcıl univeristetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq etməsi abituriyentlərin xüsusi marağına səbəb olub. Onlara bildirilib ki, UNEC tələbələrə Avropanın hər iki nüfuzlu universitetinin bakalavr diplomunu da əldə etmək şansı yaradır. UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olunan hər bir tələbəyə universitet hesabına 100 manat məbləğində əlavə təqaüd verilir. Bundan başqa, UNEC imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü verir.
UNEC-in savadlı və bacarıqlı tələbələrə yaratdığı imkanları yüksək qiymətləndirən abituriyentlər İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən uğurlu startapçılarla da görüşüblər. Startapçılar onların ideyanın yaranması, həyata keçirilməsi və inkubasiya dövrü barədə suallarına ətraflı cavab veriblər.
Elektron Universitet Modeli ilk dəfə auditoriyaya daxil olan gənclərin marağına səbəb olub. Onlara Elektron Universitet Modelininin üstünlükləri barədə məlumat verilib. UNEC-in kitabxanasında olan abituriyentlər seçəcəkləri ixtisaslarla bağlı kitablarla maraqlanıblar. UNEC tələbələri onlara istifadə etdikləri dünyanın qabaqcıl universitetlərinin dərsliklərini təqdim ediblər.
UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini öyrənən abituriyentlər bu halı müsbət qarşılayıblar. Beynəlxalq İqtisadiyyat Məktəbinin dərs cədvəli ilə tanış olaraq, ixtisas seçimindən öncə dərslərdə iştirak etmək istədiklərini bildiriblər.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib./Trend/