“Son proseslər göstərdi ki, manatın məzənnəsi dünya bazarlarındakı neftin qiymətindən birbaşa asılıdır. Maliyyə Nazirliyinin pessimist ssenarisində olduğu kimi neftin dünya bazarlarındakı qiymətinin 40 dollar olması birmənalı şəkildə manata təzyiqi artırır və milli valyutanın dəyərsizləşməsinə gətirib çıxarır”.
Qazeta.info bildirir ki, bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov insanları narahat edən 3-cü devalvasiya təhlükəsini şərh edərkən deyib.
“Azərbaycanda “üzən məzənnə” rejimini tətbiq etmək mümkün deyil”
V.Bayramov bildirib ki, hökumət və Mərkəzi Bank tərəfindən lazımi tədbirlər görülməzsə, 3-cü devalvasiya qaçılmaz olacaq:
“21 dekabrda baş verən devalvasiya həddindən artıq böyük faizlə ifadə olundu. Ümumilikdə manatın məzənnəsi son bir ildə iki dəfə aşağı düşüb. Neftin qiymətinin aşağı həddə qalması 3-cü devalvasiyanı gündəmə gətirir. Neftin qiymətinin aşağı düşməsi fonunda son bir ildə ölkəyə daxil olan valyutanın həcmi də 3 dəfə azalıb.
“Üzən məzənnə” rejiminə keçməsinə baxmayaraq Mərkəzi Bank hər gün bazardadır. Mərkəzi Bankın bazarda olması və daim dollar təklif etməsi ondan xəbər verir ki, “üzən məzənnə” rejimini tam olaraq tətbiq etmək mümkün deyil. Bu isə dollara tələbin yüksəlməsilə bağlıdır”.
Xarici borclanma mütləqdir
Ekspert deyib ki, çıxış yollarından biri xarici borclanmaya gedilməsidir:
“Növbəti devalvasiyadan qaçmaq üçün təklif edirik ki, hökumət xarici borclanmaya getsin. Nəzərə alaq ki, hazırda Azərbaycanın xarici borcu 6,7 milyard dollardır. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edir. Ölkənin əlavə olaraq 10 milyard dollara yaxın borc cəlb etmək limiti var. Paralel olaraq islahatların sürətlənməsi, qeyri-neft sektorunun ixrac potensialının artırılması vacibdir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının 3 milyarda düşdüyünü nəzərə alsaq, xarici borclanmaya gedilmədiyi halda 3-cü devalvasiya baş verəcək. Devalvasiyanın hansı faizdə olacağını söyləmək isə çətindir. Çünki, devalvasiya faizini Mərkəzi Bank müəyyənləşdirir. Amma növbəti devalvasiya banklar və biznes üçün heç bir halda arzuolunan deyil. Bu, bank fəaliyyəti və biznes imkanlarını daraldacaq. Ona görə də Mərkəzi Bank və hökumət qeyd edilən variantlardan istifadə edərək, 3-cü devalvasiyanın qarşısını ala bilər”.
“Mərkəzi Bank devalvasiyadan daha çox manat qazanır”
V.Bayramov hesab edir ki, hökumət və Mərkəzi Bank manatın ucuzlaşmasında maraqlı deyil:
“Müstəqil iqtisadçı olaraq düşünmürəm ki, Mərkəzi Bank və ya hökumət devalvasiyada maraqlıdır. Çünki, devalvasiya bütünlükdə ölkə iqtisadiyyatına zərbə vurur.
Buna baxmayaraq, Mərkəzi Bank devalvasiya ilə az dollarla çox həcmdə manatı dövriyyədən çıxarır. Məsələn, 21 fevral devalvasiyasından sonra Mərkəzi Bank 1 milyon dollar müqabilində 1 milyon 50 min manat götürürdüsə, hazırda bazara 1 milyon dollar təklif edəndə 1milyon 600 mindən artıq manat çıxarır. Bu da təbii ki, Mərkəzi Banka dollarlaşma və daha çox manatın bazardan çıxarılması üçün əlverişlidir. Amma devalvasiya dollara tələbi artırır və Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Dövlət Neft Fondunun gəlirləri dollar, ödənişləri manatladır, devalvasiya fonda qənaət edilməsinə imkan yaradır. Bütün hallarda devalvasiya arzuolunan deyil, amma valyuta azaldıqca devalvasiya qaçılmaz hal alır”.