Londonda Böyük Britaniya parlamentində 20 Yanvarda həlak olanların xatirəsi yad edilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, parlament üzvü, Britaniya -Azərbaycan Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, həmçinin 40-a yaxın xarici diplomat, Azərbaycan diasporunun fəalları iştirak edib.
Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və TEAS-ın birgə əməkdaşlığı şəraitində baş tutub.
Anım mərasimində vurğulanıb ki, 20 Yanvar faciəsi Azərbaycanın yaxın tarixində baş vermiş ən qanlı hadisələrdən biridir. 1990-cı ilin yanvarın 19–dan 20-nə keçən gecə təqribən 26 minlik sovet hərbi kontingentinin Bakıdakı dinc nümayişçilərə qarşı amansız davranması tarixə qanlı hərflərlə yazıldı. Onlar Sovet İttifaqı Kommunist Partiyasının sonuncu baş batibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazovun birbaşa əmri ilə hərəkət edirdi. 20 Yanvar qətliamı Azərbaycanın 1991-ci ilin 18 oktyabr tarixində əldə etdiyi dövlət müstəqilliyinə aparan yolun başlanğıcı olmuşdur.
1995-ci ildə M.Qorbaçovun “Bakıda fövqəladə vəziyyətin elan edilməsi mənim siyasi karyeramda ən böyük səhv idi” deməsi, o, tarixi səhvini etiraf etmiş oldu. 2015-ci ildə ona Qanlı Yanvarla bağlı sual verildikdə, o, “1990-cı ilin yanvar ayında baş vermis hadisələr haqqında hər hansı bir şərh vermək istəmirəm. Ona görə ki, bir çox xatirələr, təhlil və dərin düşüncələr olmadan o gecə haqqında danışmaq çətindir” sözlərini deməklə, günahkar olduğunu bir daha təsdiqlədi.
Britaniya - Azərbaycan Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman deyib ki, sovet dövründə təzyiq altında yaşayan insanlar azadlıq arzusu ilə yaşayırdı və Sovet İttifaqı dağılma nöqtəsində idi: "Mixail Qorbaçovun Bakıdakı sülh nümayişlərinin qarşısını almaq məqsədi ilə hərbi qüvvədən istifadə etməsi faktı, Azərbaycan xalqının müstəqillik uğrunda təbii istəyini boğmaq cəhdi idi".
Səfir Tahir Tağızadə qeyd edib ki, 20 Yanvar qırğını ölmək üzrə olan bir balina kimi respublikalar üzərində nəzarəti əlində saxlamağa çalışan Sovet rejiminin sonu idi: "Əslində, biz, bu qanlı olaydan sonra Kommunist Partiyasının sıralarını tərk edənlərin sayının durmadan artmasının şahidi olduq və bunun nəticəsində antisovet ovqatı bütün Azərbaycanı bürüdü. Rejim təzyiq altında idi. Lakin qərbdə ümidlər var idi ki, Qorbaçov ölkəni dəyişə və kommunizmə "insan siması" gətirə bilər. Fikrimcə, Sovet İttifaqında bu mümkün deyildi. Bakıda baş yermiş silahlı təzyiq bunun mümkünlüyünə dair qərbin illüziyalarını dağıtdı və həmin məqamda onlar anladı ki, Sovet rejimi islahatlardan uzaq idi. Bakıda baş verən hadisələr ümumilikdə Sovet İttifaqının dağılması üçün böyük katalizator oldu.
Qeyd edim ki, Şəhidlər Xiyabanında torpağa basdırılan 20 Yanvar qurbanları arasında çoxmillətli Azərbaycan cəmiyyətinin tərkib hissəsi olan gürcülər, ruslar və yəhudilər də vardır. Biz beynəlxalq arenada özünəməxsus yer tutmağa qarşısına məqsəd qoyan çoxmillətli, mütərəqqi ölkə olmuşuq və olmaqdayıq. Biz, 1990-cı il yanvar ayının 20-də baş verən hadisələr nəticəsində şəhid olmuş bacı və qardaşlarımızın ruhu qarşısında baş əyirik”.
Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun çıxışı ilə yekunlaşıb.