2021-ci il geridə qalmaq üzrədir. Pandemiya ilə əlaqədar yarış baxımından kasad olan 2020-dən fərqli, bu il kifayət qədər intensiv oldu. Dünya və Avropa çempionatları əvvəlki qaydada keçirildi. Ən əsası, bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, Tokio Olimpiadası baş tutdu.
Bəs güləşçilərimiz 2021-də hansı uğurlara imza atdı?
Qazeta.info Güləş Federasiyasına istinadla bildirir ki, ilin əsas yarışı olan Olimpiya Oyunlarında qazancımız 1 gümüş və 2 bürünc medal oldu. Yaponiyada Hacı Əliyev (65 kq) ikinci, Rafiq Hüseynovla Mariya Stadnik isə üçüncü yeri tutdu.Dünya çempionatlarında ümumilikdə 31 (5 qızıl, 6 gümüş, 20 bürünc), Avropa çempionatlarında isə 39 (11 qızıl, 12 gümüş, 16 bürünc) medal əldə edildi. Bundan başqa, Kazanda keçirilən ilk MDB Oyunlarında güləşçilərimiz 16 dəfə bayrağımızı yüksəyə qaldırdı. İdmanın bu növündə 6 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıldı. Güləş başqa çoxşaxəli yarışlarda olduğu kimi, MDB Oyunlarında da ölkəmizin hesabına ən çox medal gətirən medal növü oldu.
Güləşçilərimiz ümumilikdə 2021-ci ildə nüfuzlu yarışlarda 89 (22 qızıl, 23 gümüş, 44 bürünc) medal qazandı. Bütün beynəlxalq turnirlər nəzərə alınmaqla qazancımız 143 medal oldu ki, bunların da 35-i qızıl, 42-si gümüş, 66-sı isə bürüncdür.
Komanda şəklində qazanılan uğurlar da az olmadı. Makedoniyada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medalla 140 xal toplayaraq 3-cü yeri tutdu. Güləşin bu növündə Almaniyada təşkil olunan gənclərin analoji yarışında da komandamız ilk “3-lüy”ü qapadı. Bu dəfə millimiz 3 qızıl, 1 gümüş medalla 119 xal əldə etdi. Gənc yunan-Roma güləşçilərimiz isə Rusiyada baş tutan dünya çempionatında eyni uğura imza atdı. “Klassiklər” 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 101 xal toplayaraq 3-cü yeri tutdu. Norveçdə keçirilən böyüklərin mundialında yunan-Roma güləşi üzrə millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal yığaraq dünya 3-cüsü oldu. Yeri gəlmişkən, Oslodakı nəticələrə əsasən, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız gələn il keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazandı.
Komanda nəticələrindən danışırıqsa, Bolqarıstanın Samokov şəhərində qazanılan tarixi uğuru xüsusilə qeyd etməliyik. Belə ki, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimiz 4 qızıl və 3 bürünc medalla 153 xal topladı. Beləliklə, Azərbaycan güləş tarixində ilk dəfə bu yaş qrupu üzrə klassik güləşdə komanda hesabında Avropa çempionu olduq.