2018-ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, gələn il yazın gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edəcək.
O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: “Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olur. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.
Rəsədxana rəsmisi qeyd edib ki, 2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i saat 14:07:18-də daxil olacaq: “Bu zaman ən uzun gün olur. Bu proses 14 saat 43 dəqiqə çəkir. Payız fəsli sentyabrın 23-də saat 05:54:06-da başlayacaq. Bu halda da gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Şimal yarım kürəsi üçün ümumi götürəndə payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır”.
X.Mikayılov deyib ki, gələn il Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq: “Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək”./Report/