Sentyabrın 7-də Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüş keçirilib.
Qazeta.info Təhsil nazirliyinin məlumatına əsasən bildirir ki, artıq 2 ildir ki, paytaxtın ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə çalışmaq istəyən şəxslər üçün təlimlər təşkil edilir, təlimlərin yekun qiymətləndirilməsi aparılır.
2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, 2015-ci ilin sentyabr ayında isə Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Bununla, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb. Qeyd edək ki, respublikamızın digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə direktor seçimi müsahibə komissiyası tərəfindən aparılır.
Görüşdə təhsil naziri Mikayıl Cabbarov rəqabətli və şəffaf seçimdən keçərək direktor təyin olunmuş məktəb idarəedənlərini təbrik edərək, onlara böyük ümidlər bəsləndiyini qeyd edib. Nazir bildirib ki, tədris mühitinin şəffaf olması, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmə və məktəbin cəmiyyətin vacib həlqəsi kimi rolunu dərk etmə yeni təyin olunmuş direktorlardan gözlənilən əsas keyfiyyətlərdir. Bunun üçün prosesə təhlil yolu ilə yanaşmaq və hər bir məktəbin qarşısında duran hədəfləri dəqiq müəyyən etmək lazımdır.
Təhsil sahəsində aparılan köklü islahatların əsas məqsədi məktəbin yetişdirdiyi məzun, formalaşdırdığı vətəndaşın bilik, bacarıq və peşəkar qabiliyyətini daha da artırmağa nail olmaqdır. Təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsi məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılıdır: “Qeyri-sağlam mühitdə sağlam vətəndaş formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş yetişdirməliyik. Təhsilalanın, valideynin, ümumilikdə, cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq formalaşır. Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə yaradılan ünsiyyətə böyük ehtiyac var”.
Nazir son 3 ildə ölkə təhsilində akademik göstəricilərinin xeyli yaxşılaşdığını, ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: “Bu, bizim tədris göstəricilərinə kifayət qədər diqqət etməyimizdən irəli gəlir. Məktəb şagirdini yalnız ali təhsil almağa deyil, həm də onu həyata hazırlamalı, vətəndaş kimi yetişdirməlidir. Bununla belə, təhsilalan yaşadığı dövrün çağırışlarını anlamalı və ona vətəndaşlıq mövqeyindən yanaşmağı öyrənməlidir. Hazırda bizim ən böyük problemimiz olan işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs, həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini tapmalıdır”.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslər üçün Təhsil Nazirliyi Dövlət İqtisad, Qafqaz və Xəzər universitetləri, həmçinin YUNİSEF-lə əməkdaşlıqda 162 nəfərə təlim keçib.